ŞƏMKİRLİLƏRİN ABXAZİYALI GÜRCÜ QAÇQINLARA YENİ İL SOVQATI
Gürcü-abxaz münaqişəsi nəticəsində Abxaziyadan didərgin salınmış gürcü qaçqınlara şəmkirlilərin hər yeni il qabağı yardım göstərməsi artıq ənənəyə çevrilmişdir.
AZƏRTAC-ın Gürcüstandakı müxbiri xəbər verir ki, bir neçə gün əvvəl Şəmkir rayonunun nümayəndələri Tbilisiyə gələrək, burada müvəqqəti məskunlaşmış abxaziyalı qaçqınlarla görüşdü, özləri ilə gətirdikləri yeni il sovqatını onlara verdi, uşaqlara hədiyyələr payladılar.
Həmişəki kimi, bu dəfə də qaçqınlarla təntənəli görüş oldu. Görüşü “İveriya” mehmanxanasında yaşayan 1500 qaçqınla iş üzrə təşkilatın sədri Nargiz Sindeliani açaraq, bayram sovqatına görə Azərbaycan rəhbərliyinə,o cümlədən şəmkirlilərə dərin təşəkkürünü bildirdi. Gürcüstanın qaçqınlarla iş üzrə naziri Nino Todua çıxış edərək vurğuladı ki, özünün bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, Azərbaycan gürcü qaçqınları unutmur, onlara hər il imkan daxilində yardım göstərir. Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, qaçqınlarımıza qayğı göstərir, artıq 9 ildir bayramlar ərəfəsində onlara dost sovqatı göndərir. Parlament sədrinin müavini Vaxtanq Kolbaya Azərbaycanın, onun rəhbəri Heydər Əliyevin Gürcüstana, gürcü xalqına yaxşılıqlarını, gürcü qaçqınlarını darda qoymayaraq onlara həmişə kömək edildiyini minnətdarlıqla xatırladı.
Görüşdə ölkəmizin Tbilisidəki səfiri Hacan Hacıyev, Gürcüstan parlamentinin Abxaziya fraksiyasının sədri Giya Qvazava, mühacirətdəki Abxaziya Muxtar Respublikası Ali Soveti sədrinin birinci müavini Otar Çarkviani və digər rəsmi şəxslər iştirak edirdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi