SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ FRANSA İŞ ADAMLARI İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Fransanın aparıcı şirkətlərinin və maliyyə strukturlarının nümayəndələrinə nazirliyin fəaliyyəti, başlıca vəzifəsi, sənayenin inkişafı, ölkənin energetika müstəqilliyini qoruyub saxlamaq üçün həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat vermişdir.
Nazir müavini xüsusi vurğulamışdır ki, qeyri-neft sektorunun inkişafı, sosial sahəyə diqqət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin prioritet istiqamətlərindən biridir. O, Fransanın iş adamlarını energetikada qabaqcıl texnologiyanın tətbiqi, alternativ enerji mənbələrindən istifadə, yüngül sənaye, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materialları istehsalı, əlvan metallurgiya, radioelektronika, elektrotexnika və s. sahədə əməkdaşlığa dəvət etmişdir.
Qonaqlar iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün konkret təkliflər irəli sürdülər.
Nazirliyin şöbə müdirləri Ramiz Rzayev, İdris Rzabəyov, “Azəriqaz” SC sədrinin müavini Nazim Səmədzadə, “Azərenerji” SC-nin vitse-prezidenti Marlen Əsgərov Areva T&D, CİFAL qrupu, Gaz de France, Veolia Environnement və digər şirkətlərin təmsilçilərini maraqlandıran məsələlərə aydınlıq gətirmiş, suallara cavab vermişlər.
Kristian Mons əmin olduğunu bildirmişdir ki, ölkələrimizin qarşılıqlı faydalı əlaqələri inkişaf edəcək, Azərbaycan Prezidentinin Fransaya gələn ilin əvvəllərində baş tutacaq səfəri əməkdaşlığımıza yeni təkan verəcəkdir.