Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artıb
Bakı, 11 noyabr, AZƏRTAC
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında 41,9 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20 faiz artıb. Sənaye məhsulunun 63,1 faizi mədənçıxarma sektorunda, 31,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 0,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 22 faiz artıb. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 90,2 faiz, tikinti materiallarının istehsalı 79 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 60 faiz, tütün məmulatlarının istehsalı 56,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 42 faiz, kağız və karton istehsalı 27,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,2 faiz, hazır metal məmulatlarının istehsalı 21,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 19 faiz, neft məhsullarının istehsalı 16,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,1 faiz, qida məhsullarının istehsalı 10,9 faiz, mebel istehsalı 9,2 faiz, elektrik avadanlıqlarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5,5 faiz, içki istehsalı 1,6 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,5 faiz, maşın və avadanlıqların istehsalı 9,1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 13,5 faiz, geyim istehsalı 14,5 faiz, poliqrafiya məhsullarının istehsalı 43,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 90 faiz azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 13,5 faiz artıb.