SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ XOŞ TƏƏSSÜRAT DOĞURMUŞDUR
Terminalın rəhbərləri hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini mehribanlıqla qarşıladılar.
Qonaqlar əvvəlcə Xəzər Enerji Mərkəzində karbohidrogenlərin yaranması, onların kəşfiyyatı, hasilatı, nəqli, emalı və s. məsələləri əhatə edən zəngin eksponatlara, kosmosdan çəkilmiş nadir görüntülərə, eləcə də ölkəmizin neft-qaz sənayesi haqqında dolğun məlumatları əks etdirən videokadrlara maraqla tamaşa etdilər. Bildirildi ki, indiyədək Mərkəzlə dünyanın bir çox ölkələrindən gəlmiş 6 mindən çox qonaq tanış olmuşdur.
Sonra qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Onlara məlumat verildi ki, Azərbaycanda həyata keçirilən bütün iri neft layihələrinin qovuşduğu bu terminalın tikintisinə 2001-ci ilin noyabrından başlanmışdır. Terminalda hər birinin tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, idarəetmə məntəqəsi tikilmişdir. Dənizdə yerləşən yataqlardan buraya sualtı neft və qaz kəmərləri, fiber-optik rabitə kabelləri çəkilmişdir.
Polşa Senatının sədri Boqdan Boruseviç terminalda texnoloji proseslərlə, nəzarət-idarəetmə məntəqəsinin iş sistemi ilə tanış oldu.
Ona məlumat verildi ki, bu məntəqədən ixrac boru kəmərlərinin Azərbaycan ərazisindəki hissələrində bütün prosesləri izləmək, hər hansı qəza, nasazlıq barədə dərhal xəbər tutmaq və müvafiq tədbir görmək mümkündür.
Terminalla tanışlıqdan xatirə olaraq, cənab Boqdan Boruseviçə hədiyyə təqdim edildi.
Dünyanın ən nəhəng terminallarından biri ilə tanışlıq polşalı qonaqlarda xoş təəssürat doğurdu.