SƏRBƏST GÜLƏŞ ÜZRƏ MƏŞQÇİ YAQUB MƏMMƏDOVUN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Mən biləndə ki, belə bir mötəbər məclisdə məşqçilər adından çıxış edəcəyəm, özümdə çox böyük məsuliyyət hissi duydum. Məndən asılı olmayaraq, elə bildim ki, Azərbaycan olimpiyaçıları keçən Olimpiya oyunları ərəfəsindədir və ulu öndərimiz Heydər Əliyevin xeyir–duasını almağa və ölkəmizi ləyaqətlə təmsil etmək üçün and içməyə gəlmişlər. Bu gün bu dahi insanın burada olmaması yalnız şərti xarakter daşıyır. Çünki bütün olimpiyaçılar bir qayda olaraq onun xeyir–duasından, atalıq qayğısından və diqqətindən bəhrələniblər. Əldə etdiyimiz bütün nailiyyətlər və uğurlar üçün hamılıqla ona borcluyuq. Belə bir mötəbər tədbirin və gözəl ənənənin təşəbbüsçüsü də məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur.
Hörmətli Prezident!
Sizə məlum olduğu kimi, Sidneydə XXVII Olimpiya oyunlarında 31 idmançımız iştirak etmişdi.
XXVIII Yay Olimpiya oyunlarına hazırlığa cəlb olunmuş idmançılarımızdan isə 38 nəfəri idmanın 12 növündə Afinada doğma Azərbaycanımızı təmsil etmək şərəfinə nail olmuşlar.
Bu rəqəm hazırlıq mərhələlərinin təsdiq edilmiş planlara uyğun şəraitdə təşkili və keçirilməsinə bir daha parlaq sübutdur. Bu, Sizin bilavasitə rəhbərliyiniz altında Milli Olimpiya Komitəsinin, Gənclər, İdman və Turizm Nazirliyinin, federasiyaların və idman təşkilatlarının birgə səyi nəticəsində təlim-məşq prosesləri, toplanışları nəticəsində mümkün olmuşdur. İdmanımızın və gənclərimizin yaxın dostu olan ölkəmizin Prezidenti cənab İlham Əliyev bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasətini davam etdirir. Biz də öz növbəmizdə çalışmalıyıq ki, xalqımızın və hörmətli Prezidentimizin bizə göstərdikləri etimadı doğruldaq.
Cənab Prezident!
Azərbaycan olimpiyaçılarının əksəriyyəti ilk dəfə olaraq Olimpiya Oyunlarında çıxış edəcəklər. Buna baxmayaraq, söz veririk ki, bütün qüvvə və bacarığımızı yarışlarda əzmlə mübarizə aparmağa sərf edəcək, Sizi və xalqımızı qələbələrimizlə sevindirəcəyik.
X X X
Mərasimdə idmançılar adından boks üzrə dünya çempionu Ağası Məmmədov çıxış etdi.