Sərgi ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılan növbəti addım olacaqdır
Bakı, 21 noyabr (AZƏRTAC). Sərgidə qarşıya qoyulan məqsədə nail olunacaq və bu tədbir ətraf mühitin sağlamlaşdırılması istiqamətində atılan növbəti addım olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 21-də 3-cü Beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” (CTE-2012) sərgisində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə müsahibəsində demişdir. Bildirmişdir ki, ətraf mühitlə bağlı sərgilərin keçirilməsi ölkəmizdə bir növ ənənə xarakteri almışdır. Hər il keçirilən sərgilərə yerli və beynəlxalq şirkətlərin marağının nəzərəçarpacaq dərəcədə artdığı hiss olunur.
H.Bağırov diqqətə çatdırmışdır ki, belə sərgilərin respublikamızda ekoloji tarazlığın bərpa edilməsi üçün elm və texnikanın son nailiyyətlərindən istifadə olunmaqla inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsində böyük əhəmiyyəti vardır.
Nazir qeyd etmişdir ki, ətraf mühitin mühafizəsi, insanların sağlam ekoloji mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Prezident İlham Əliyevin iqtisadi, sosial, mədəni və digər sahələrin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərdiyi gündəlik diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Respublikanın iqtisadiyyatının sürətli inkişafı, o cümlədən milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin həll edilməsi üçün əlverişli imkanlar yaratmışdır.
H.Bağırov bildirmişdir ki, ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunması istiqamətlərində ardıcıl tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində ətraf mühitin mühafizəsində ciddi nailiyyətlər əldə edilmişdir.