Sərgi-satış çərçivəsində keçirilən müsabiqənin qalibləri mükafatlandırılıblar
Naxçıvan, 16 mart, AZƏRTAC
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın qalibləri mükafatlandırılıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən komitənin sədri Ramilə Seyidova keçirilən sərgi-satışların əhəmiyyətindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun tədbirlər planına əsasən fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışların təşkili qadınların məşğulluğunun təmin edilməsinə, onların rifah halının yüksəldilməsinə yönəldilib. Builki sərgi-satışa 514 şəxsin 7 mindən çox rəsm və əl işi cəlb olunub. Sərgi-satışda 278 müəllifin 26 min 557 manatdan çox dəyərdə 2583 əl işi satılıb. Bu da müvafiq təbəqədən olan insanlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Qeyd olunub ki, muxtar respublikada məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində “Ən yaxşı əl işi” müsabiqəsi keçirilib.
Sonda komitə sədri Naxçıvan Muxtar Respublikasında qadınlara, o cümlədən istedadlı qadınlara göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxışında diqqətə çatdırıb ki, muxtar respublikada məhdud fiziki imkanlıların və istedadlı qadınların bütün sahələrdə iştirakı təmin olunur, bunun üçün hərtərəfli şərait yaradılıb. Onlar hərtərəfli qayğı ilə əhatə olunur, eləcə də onların istedadlarının üzə çıxarılması, yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Bu baxımdan ənənə halını almış sərgi-satışların təşkili mühüm tədbirlərdəndir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov “Ən yaxşı əl işləri” müsabiqəsinin əhəmiyyəti barədə ətraflı məlumat verərək qalibləri təbrik edib.
Sonra məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı çərçivəsində keçirilən “Ən yaxşı əl işləri” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Rəsm nominasiyası üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəngkarlıq ixtisasının I kurs tələbəsi - Əzizə Hacıyeva, toxuma-tikmə nominasiyası üzrə evdar qadın Günel Cəfərova, dekorativ-tətbiqi sənət nominasiyası üzrə II qrup sağlamlıq imkanları məhdud, Naxçıvan şəhər Texniki Yaradıcılıq Mərkəzinin Raket və təyyarə dərnəyinin rəhbəri Tofiq Ələkbərov müsabiqənin qalibləri elan ediliblər.
Qaliblərə, müsabiqədə II və III yer tutanlara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Müsabiqə qalibləri yaradılan şəraitə və göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.