SƏRHƏD POZUCULARINA İTTİHAM ELAN EDİLMİŞDİR
Xəbər verildiyi kimi, 2002-ci il martın 10-da Azərbaycan-İran sərhədini Cəlilabad rayonu istiqamətində pozub kütləvi şəkildə ölkə ərazisinə daxil olan bir qrup qaçaqmalçı sərhəd naryadının dayanmaq barədə qanuni tələbinə və xəbərdarlıq atəşinə məhəl qoymayaraq, qaçmağa cəhd göstərmişdi. Hadisə yerindən plastik çənlərdə 440 litr benzin aşkar olunmuşdu.
Faktla bağlı cinayət işi qaldırılmışdır. Araşdırmalar nəticəsində qrupun üzvləri - Cəlilabad rayon sakinləri Hakim Abışov, Polad Teymurov, Məcnun Abasov, Təyyar Əliyev, Xalid Əliyev, Cəfər Məlikov, Xəlil Məmmədov, Höccət Əliyev və Ravid Əliyev müəyyənləşdirilərək, cinayət məsuliyyətinə cəlb edilmişlər.
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qabaqcadan əlbir olaraq, dövlət sərhədini qanunsuz keçən mütəşəkkil dəstənin üzvlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsinə əsasən ittiham elan olunmuşdur.
X X X
2002-ci il sentyabrın 6-da bir qrup şəxsin Azərbaycan-İran sərhədini pozaraq, qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçmək cəhdinin qarşısı alınmışdı. Sərhəd pozucularından Biləsuvar rayonunun sakinləri - Aqil Binyətov, Babək İsmayılov, Bakı şəhərinin sakini, əvvəllər məhkum olunmuş İbrahim Məlikov və İran İslam Respublikasının vətəndaşı Siyavuş Kərimi saxlanılmış, üç nəfər isə yükləirini ataraq geri qaçmışdılar. Hadisə yerinə baxış zamanı oradan torbalara qablaşdırılmış qadın geyimləri və bəzək əşyaları götürülmüşdür.
Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaq araşdırmaları zamanı müəyyənləşdirilmişdir ki, Aqil Binyətov maddi maraq zəminində Siyavuş Kəriminin, onun yaxın tanışı İbrahim Məlikovun və istintaqa məlum olmayan daha üç nəfərin qeyri-qanuni yolla qonşu dövlətin ərazisinə keçirilməsinin, eyni zamanda İranın Meşkin şəhərinin sakini Davud adlı şəxsə məxsus qaçaqmalın sərhəd və gömrük nəzarətindən yayındırılmaqla ölkədən çıxarılmasının təşkilatçısı olmuş, qohumu Babək İsmayılovu da cinayətə sövq etmişdir.
Həbs olunanlar ittiham üzrə özlərini tam təqsirli bilərək, cinayət əməllərini etiraf etmişlər. Qrupun digər üzvlərinin məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hər iki cinayət işinin istintaqı başa çatmış, toplanmış materiallar ittiham aktları ilə birlikdə Respublika Prokurorluğuna göndərilmişdir.