“ŞƏRQ BÜLBÜLÜ” SEUL FESTİVALINDAN QAYITMIŞDIR
Zamiq Əliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, Azərbaycanı üçümüz - mən, respublikanın əməkdar artisti Simarə İmanova və kamançaçı Fəridə Məlikova təmsil edirdik. Sentyabrın 9-dan 18-dək davam edən festivala dünyanın 45 ölkəsindən, o cümlədən ABŞ, Fransa, İngiltərə, İtaliya, Avstriya, Avstraliya, Hindistan, Filippin, Danimarkadan 1000-dən artıq ifaçı gəlmişdi. Hələ 1997-ci ildə Səmərqənd festivalında “Qran-Pri” almış üçlüyümüz bu dəfə xüsusi mükafata layiq görüldü. Təvazökarlıqdan uzaq olsa da deyim ki, xarici ölkələrdə bizi yaxşı tanıyırlar. Tamaşaçıların rəğbətini qazanmışıq. Kollektivimiz bunu ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasının sayalı olması ilə izah edirlər. Axı “Şərq bülbülü” sehrli musiqi aləminə xalqımızın böyük oğlunun xeyir-duası ilə qədəm qoyub. Onu Gürcüstana, Rusiya Federasiyasına, Qırğızıstana rəsmi səfərlərində müşayiət etmişik. Ona görə də yolüstü Daşkənddə ləngiyəndə müstəqil Azərbaycanın memarının səfirlikdəki və onun adını daşıyan “Azərbaycan evi”ndəki abidələrini ziyarət etməyi özümüzə borc bildik... Tədbirin sonunda festivalın ABŞ-dan olan sədri, Yaponiya, Almaniya və digər ölkələrin nümayəndələri bizi növbəti festivallara dəvət etdilər.
... Zamiq Əliyevi xüsusi təqdim etməyə ehtiyac yoxdur. İstedadlı tarzən respublikanın, demək olar, bütün tanınmış müğənnilərini müşayiət edib. Dəfələrlə ən nüfuzlu salonlarda solo konsertlər verib. Audio və video kasetləri, diski buraxılıb, telekanallarda klipləri nümayiş etdirilib. Lakin az adam bilir ki, Zamiq müəllim həm də ürəyəyatan mahnılar bəstələyir. Bəstəkarlığa bir neçə il bundan əvvəl “Yar bu gecə” mahnısı ilə başlayıb. Əsasən Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Vüqar Əhməd, Dadaş Mehdi, Adil Mürşüdoğlu, Fəxrəddin Ziya və başqa şairlərin yaradıcılığına müraciət edir. Bu gün “Azərbaycan”, “Ümid nəğməsi”, “Allah səni pənahında saxlasın”, “Tələsmə” və digər mahnıları musiqisevərlər arasında çox populyardır. Bəstələdiklərini Simarə İmanova, Mələkxanım Əyyubova, Teymur Mustafayev, Zabit Nəbizadə, İlayət, Zakir Əliyev və başqa müğənnilər, “Şeron” qrupu ifa edir.