ŞƏRUR RAYON HƏRBİ KOMİSSARLIĞININ İNZİBATİ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şərur Rayon Hərbi Komissarlığının inzibati binası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov komissarlığın kollektivini təbrik edərək bildirmişdir ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir, iqtisadiyyatımızın bütün sahələri sürətli inkişaf yoluna qədəm qoymuşdur. Prezident İlham Əliyev ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərir.
Qüdrətli ordu quruculuğu hərbi komissarlıqdan başlanır deyən Ali Məclisin sədri vurğulamışdır ki, müharibə vəziyyətində olan ölkəmizin güclü orduya ehtiyacı vardır.
V.Talıbov qeyd etmişdir ki, hərbi qulluğa marağın artırılması üçün müxtəlif tədbirlər görülməlidir, hərbi liseylər və məktəblər təbliğ olunmalıdır. Sevindirici haldır ki, keçən il muxtar respublikadan 20-yə yaxın gənc ali hərbi məktəblərə sənəd vermişdi. Bu il həmin rəqəm 200-ü ötmüşdür.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış keçirilmişdir.