Şərur rayonunda seminar-müşavirə keçirilmişdir
Şərur, 16 may (AZƏRTAC). Şərur Rayon İcra Hakimiyyətində “Bələdiyyələrin fəaliyyətində qanunçuluq və bələdiyyə torpaqlarının idarə olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Bələdiyyə sədrlərinin və bələdiyyə qulluqçularının iştirak etdiyi seminar-müşavirəni rayon icra hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov açaraq tədbirin mahiyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi, kiçik ədliyyə müşaviri Səttar Zamanov “Bələdiyyələrin fəaliyyətində qanunvericiliyə əməl olunması” mövzusunda məruzə ilə çıxış edərək demişdir ki, Prezident İlham Əliyev tərəfindən bələdiyyələrin inkişafı daim diqqət mərkəzində saxlanılır, bələdiyyələrin formalaşmasını sürətləndirmək və onun fəaliyyətinə əngəllər törədən amillərin aradan qaldırılması ilə bağlı bir sıra addımlar atılmışdır.
Bu gün muxtar respublikamızda fəaliyyət göstərən bələdiyyələrin işini səmərəli etmək üçün lazımi qayğı göstərilir. Bələdiyyələr qeyri-dövlət idarəetmə sisteminə aid olmaqla vətəndaşların yerli məsələlərini müstəqil, sərbəst şəkildə həll etmək hüququnu özündə cəmləşdirir. Bu baxımdan bələdiyyələrin fəaliyyəti zamanı işin şəffaf təşkil edilməsi, əhalinin yerli özünüidarəetmə orqanının işi ilə yaxından məlumatlandırılması üçün şəraitin yaradılması mühüm vəzifələrdən biri olmalıdır.
Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri Yusif Həsənov “Bələdiyyə torpaqlarından istifadə edilməsi və mühafizəsi”, MR Ədliyyə Nazirliyinin Qanunvericilik şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Ayaz Məhərrəmov “Yerli özünüidarə orqanlarının hüquqi aktları və bələdiyyə əmlakının idarə olunması”, MR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin böyük məsləhətçisi, birinci dərəcəli ədliyyə qulluqcusu Araz Məhərrəmov “Bələdiyyələrdə kargüzarlıq işinin təşkili” mövzularında çıxış etmişlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.