Şərurda qazi və şəhidlərimizin ailə üzvlərinə ödənişsiz tibbi xidmət göstərilib
Şərur, 4 noyabr, AZƏRTAC
“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan hərtərəfli şəraitdən istifadə edərək əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, səhiyyə müəssisəsinin təşkil etdiyi humanitar tibbi aksiyada növbəti ünvanı Şərur rayonu olub. 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Şərur Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyaya şəhid ailələri, qazilər, qazi ailələri və aztəminatlı ailələr dəvət olunublar. Onlar heç bir ödəniş etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçib, terapevtik, cərrahi, uroloji, stomatoloji, endokrinoloji və digər tibbi xidmətlərdən yararlanıblar. Tibbi aksiyada 15 müxtəlif ixtisaslı həkim tərəfindən 158 müayinə aparılıb.
Aksiyada müayinələr və müalicələr üçün müraciət etmiş vətəndaşlardan 15 nəfəri şəhid ailəsi üzvləri, 4 nəfər isə Azərbaycan Respublikası Vətən müharibəsi iştirakçılarının ailə üzvləri olub. Şərur Rayon Mərkəzi Xəstəxanasında icrası mümkün olmayan digər müayinələr üçün xəstələr Diaqnostika Müalicə Mərkəzinə dəvət ediliblər.
Humanitar tibbi aksiya şəhid ailələri, qazi və aztəminatlı ailələrin yaşadıqları ünvanlarda da keçirilib. Endokrinoloq, kardiocərrah, USM, travmatoloq-ortoped, nevropatoloq və ümumi cərrah həkim heyəti tərəfindən 19 nəfərə 31 müxtəlif növ tibbi xidmət göstərilib.
Aksiyanın sonunda mərkəzin həkim heyəti Şəhidlər xiyabanına gələrək şəhidlərimizin xatirəsini yad ediblər.