“SƏS” QƏZETİ CƏNUB BÖLGƏSİNDƏ DƏYİRMİ MASA KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Səs” qəzeti ənənəvi olaraq cəmiyyət üçün maraq doğuran mövzularla bağlı hökumət və dövlət nümayəndələrinin, Milli Məclis üzvlərinin, siyasi partiya rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirməkdədir. Artıq hər həftənin çərşənbə günü təşkil olunan tədbirlərə ictimai marağı nəzərə alaraq, bölgələrdə də dəyirmi masaların keçirilməsinə başlanmışdır. Sumqayıt şəhərində, Quba, Qusar və Xaçmaz rayonlarında keçirilmiş bu tədbirlər Astara, Lənkəran, Masallı, Yardımlı və Lerik rayonlarında da davam etdirilmişdir.
Lənkəran şəhərində keçirilmiş dəyirmi masada icra hakimiyyəti aparatının əməkdaşları, YAP rayon təşkilatlarının fəalları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev açaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, bölgədə həyata keçirilən quruculuq-abadlıq işlərindən, əhalinin sosial-iqtisadi rifah halının yüksəlməsindən və digər uğurlu nailiyyətlərdən danışmış, nəzərəçarpan problemlərdən söhbət açmışdır. Baş redaktor 2009-2013-cü illəri əhatə edəcək regionların sosial-iqtisadi inkişafına dair yeni Dövlət Proqramında bütün kənd və qəsəbələrdə mövcud problemlərin tamamilə aradan qaldırılacağına inam ifadə etmişdir.
Astara, Lənkəran, Masallı, Yardımlı və Lerik rayonlarının icra hakimiyyətinin nümayəndələri, digər natiqlər son illər bölgələrin daha geniş inkişaf yolu keçdiyini, yüzlərlə yeni iş yerinin açıldığını, əhalinin həyat şəraitinin yaxşılaşdığını söyləmiş, rəy və təkliflərini bildirmişlər. Yekdilliklə qeyd etmişlər ki, 2008-ci ilin oktyabrında keçiriləcək prezident seçkilərində seçicilər ümummilli liderimiz Heydər Əliyev yoluna - tərəqqiyə, inkişafa səs verəcəklər, cənab İlham Əliyevi dəstəkləməklə onun ətrafında sıx birləşdiklərini nümayiş etdirəcəklər.