SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ DAHA BİR HUMANİTAR YARDIMI MƏCBURİ KÖÇKÜNLƏRƏ ÇATDIRILDI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 25-də səhər tezdən Heydər Əliyev adına Beynəlxalq hava limanında yerə enmiş təyyarənin gətirdiyi 33 tonluq bu yükə sərhəd-baytar nəzarət məntəqəsinin və Baytarlıq Nəzarəti Dövlət Müfəttişliyinin nümayəndələri qanunla nəzərdə tutulmuş qaydada baxış keçirəndən sonra idxal sənədini imzaladılar. Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri və miqrasiya idarəsinin nümayəndəsi Afət Həsənov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Rəhimov, İslam Nicat Təşkilatının rəhbəri Saad Abdulla Əhməd yükü qəbul etdilər.
İslam İnkişaf Bankının nümayəndəsi Ehab Əhməd Abdul Valeh dedi ki, bu ət Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinin Mina vadisində Qurban bayramı zamanı tədarük edilmişdir. Səudiyyə Ərəbistanı ölkəmizə hər il qurban kəsilmiş 2500 qoyun göndərirdi. Azərbaycan tərəfin xahişi nəzərə alınaraq bu il qurban payının həcmi 2 dəfə artırılmışdır. Paylanma presesində özümüz iştirak edib əmin olmaq istəyirik ki, yardım həqiqətən ehtiyacı olanlara verildi.
Yük təyyarədən refrijeratorlara boşaldılaraq xüsusi bölgü üzrə Sabirabad, Saatlı, İmişli, Yevlax, Bərdə və Ağcabədi rayonlarında məskunlaşmış 10 min məcburi köçkün ailəsinə göndərildi.