Səudiyyə Ərəbistanında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anma mərasimi keçirilmişdir.
Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri səfir Rasim Rzayev açaraq, 1990-cı ilin 20 yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş qırğın haqqında geniş məlumat vermiş, bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd etmişdir
Bildirilmişdir ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsi cinayətkar sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Qətliamda şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların və qadınların olduğu, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi vurğulamışdır.
R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırlatmış, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açmışdır. 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişdir.
Sonra hadisə haqqında “Azadlığa gedən yollar” adlı sənədli film nümayiş edilmişdir.
Tədbir iştirakçıları 1990-cı ilin 20 yanvarında Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə baxmış, “İRS” jurnalının xüsusi buraxılışı ilə tanış olmuşlar.
20 Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar səfirlik tərəfdən hazırlanmış press-reliz, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilmişdir.