Seul iki Koreya ölkəsinin liderləri arasında görüşün reallaşmasına çalışacaq
Bakı, 1 mart, AZƏRTAC
Seul hər iki ölkənin münasibətində yaranan problemlərin həlli üçün Pxenyanla danışıqları davam etdirəcək. Bunu Cənubi Koreyanın birləşmə naziri Ço Mön Qün hakim Toburo Demokratik Partiyasının iclasında çıxışı zamanı bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nazir əsas diqqətin iki ölkə liderinin Pxenyan tərəfindən təklif olunan sammitinin reallaşdırılmasına yönələcəyini bildirib. Onun sözlərinə görə, Prezident Mun Çe-in administrasiyası Koreyalararası münasibətlərin mərhələli şəkildə normallaşması tərəfdarıdır. İlk növbədə Cənubla Şimal arasında səhiyyə, idman, mədəniyyət və humanitar sahələrdə mübadilənin aktivləşməsi planlaşdırılır. Bundan başqa, Seul bölünmüş ailələr arasında müntəzəm görüşlərin keçirilməsinə, həmçinin Şimalın zorla saxladığı cənubi koreyalıların vətənlərinə dönməsinə çalışacaq.
Qeyd edək ki, Seul və Pxenyan arasında münasibətlər 2018-ci ilin əvvəlindən başlayaraq bir qədər normallaşıb. Tərəflər KXDR-in məmur və artistlərdən ibarət nümayəndə heyətinin Qış Olimpiya Oyunlarına göndərilməsi barədə razılığa gəlib, Beynəlxalq Olimpiya Komitəsi yarışlarda şimali koreyalı idmançıların iştirakına icazə verib. Buna paralel olaraq, Seul və Vaşinqton hər il keçirilən və Pxenyanı qıcıqlandıran “Foal Eagle” hərbi manevrlərinin və “Key Resolve” təlimlərinin vaxtını dəyişib.