CƏMİYYƏT
Səyavuş Heydərov: ABŞ Dövlət Departamentinin qərəzli hesabatı hiddət doğurur
![Səyavuş Heydərov: ABŞ Dövlət Departamentinin qərəzli hesabatı hiddət doğurur](/files/2024/1/1200x630/17049608274680562923_1200x630.jpg)
Bakı, 11 yanvar, AZƏRTAC
Bəzən dünyada baş verən münaqişələrin dinlə əlaqələndirilməsi yanlışdır. Əksinə, bütün dinlər sülhə çağırır. Dinin siyasiləşdirilməsi bəzi üzdəniraq dövlətlərin maraqlarına cavab verir.
AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov yanvarın 11-də “Dinin siyasiləşdirilməsi: zərərli təsirlər” mövzusunda keçirilən konfransda deyib.
Dövlət Komitəsinin sədr müavini bildirib ki, hazırda dinlərarası münasibətlərin tənzimlənməsi, mütərəqqi ideyalar üstün tutulmalıdır. “Azərbaycanın din siyasətində dini etiqad azadlığı tam qorunur. ABŞ Dövlət Departamentinin qərəzli hesabatı hiddət doğurur. Çünki bu hesabatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu ölkə din adı altında çaxnaşma yaratmağa çalışır”, - deyə Səyavuş Heydərov diqqətə çatdırıb.
O, Azərbaycandakı dini icmaların qeydiyyatı ilə bağlı heç bir problemin olmadığını deyib.
Ölkəmizə qarşı qərəzli münasibətin onu törədənlər üçün yaxşı qurtarmayacağını diqqətə çatdıran S.Heydərov Azərbaycanda fəaliyyət göstərən azlıqda olan dini icmalara çağırış edib, Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparan qüvvələrə qarşı həmrəy və ayıq-sayıq olmanın vacibliyini vurğulayıb.