ŞEYXÜLİSLAM ABŞ SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə öz iqamətgahında ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilson ilə görüşmüşdür.
Səfirin xahişi ilə keçirilən görüşdə İraqın müharibədən sonrakı bərpasında din xadimlərinin rolu və əməkdaşlığı müzakirə olunmuşdur.
Hacı Allahşükür Paşazadə İraqdakı son hadisələrdən danışaraq dedi: “Biz həmişə bunun tərəfdarı olmuşuq ki, hərbi münaqişələr genişlənib, dini münaqişələrə çevrilməsin. Xalqları dini zəmində toqquşdurmaq cəhdi bizi çox narahat edir. Belə olarsa, bu, Səddam Hüseyn rejimindən də dəhşətli olar”.
Şeyxülislam bildirdi ki, biz ağır vəziyyətdə olan İraq xalqına yardım göstərilməsi kampaniyasına başlamaq istəyirik.
Səfir Ross Uilson dedi ki, bizim fəaliyyətimiz İraq müsəlmanlarına və xalqına qarşı deyil, ancaq Səddam Hüseyn rejiminə qarşı yönəldilmişdir. Prezident Heydər Əliyevin antiterror koalisiyasını birincilər sırasında dəstəklədiyini xatırladan diplomat vurğuladı ki, Azərbaycan dini dözümlülüyə örnəkdir və İraq xalqı ilə dialoq yaradılmasında müsbət rol oynaya bilər, çünki orada sizə qohum olan çoxlu türkman yaşayır.
Səfir onu da bildirdi ki, ABŞ Azərbaycan qaçqın-köçkünlərinə yardım göstərilməsini və Dağlıq Qarabağ münaqişəsinin dincliklə həllində köməyini davam etdirəcəkdir.
Axırda səfir jurnalistlərin suallarına cavab verdi.