Sietl şəhərində Azərbaycana həsr edilmiş akademik konfrans keçirilmişdir
Vaşinqton, 10 may (AZƏRTAC). Vaşinqton ştatının Universitetində Azərbaycana həsr edilmiş akademik konfrans keçirilmişdir. Ölkəmizi öyrənən gənc tədqiqatçılar konfransda məruzələrlə çıxış etmişlər. Məsələn, universitetin aspirantı Con Kunts siyasi proseslər və azərbaycanlıların milli mənlik şüuru arasında qarşılıqlı əlaqə barədə öz fikirlərini söyləmişdir. Azərbaycanda “Sülh korpusu” proqramının iştirakçısı, ingilis dili müəlliməsi Melissa Lori isə Qax rayonu barədə təəssüratlarını bölüşmüşdür. O, rayon gənclərinin öz təhsil səviyyələrini artırmaq istəklərini müsbət qiymətləndirmiş və “Sülh korpusu” proqramının iştirakçıları olan könüllülərin Azərbaycan-Amerika münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəni qeyd etmişdir. Doktorant Emil Əliyevin məruzəsi əsasən Azərbaycan iqtisadi modelinin öyrənilməsinə həsr edilmişdi.
Vaşinqton ştatı Universitetinin doktorantı Canin Mitçellin çıxışı xüsusi maraqla qarşılanmışdır. O, Avropa İttifaqının Xəzər regionuna münasibətdə enerji siyasətinin effektivliyi və regional inteqrasiyanın intensivləşməsində Azərbaycanın mühüm rolu məsələlərini şərh etmişdir. Yeri gəlmişkən, Canin Mitçell 2010-cu ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübə keçmişdir.
Seminar başa çatandan sonra Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Canin Mitçellə ümummilli lider Heydər Əliyev adına mükafatı təqdim etmişdir. Baş konsulluq tərəfindən 2008-ci ildə təsis edilmiş bu mükafat Azərbaycanın və bütövlükdə Avrasiya regionunun öyrənilməsində fərqlənmiş amerikalı tələbələr üçün nəzərdə tutulur. Bu il həmin mükafata Montana ştatının Dövlət Universitetinin tələbələri layiq görülmüşlər.
Baş konsul Elin Süleymanov və vitse-konsul Ramil Qurbanov Sietl şəhərində Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə də seminar keçirmişlər. Diplomatlar diskussiyanın gedişində tolerantlıq ideyalarını dəstəkləyən Azərbaycan rəhbərliyinin məqsədyönlü siyasəti, mədəniyyətlərarası dialoqun intensivləşməsinə Azərbaycanın töhfəsi barədə söhbət açmış, regionda vəziyyəti Vaşinqton ştatının yəhudi icmasının fəalları ilə müzakirə etmişlər.
Xatırladaq ki, ABŞ-ın qərb ştatlarından olan Vaşinqton ştatı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun konsul dairəsinə daxildir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######
![]() |
![]() |

