SİLAHLI QÜVVƏLƏRİN NÜMAYƏNDƏLƏRİ 20 YANVAR ŞƏHİDLƏRİNİ YAD ETMİŞLƏR
Həzi Aslanov adına Mərkəzi zabitlər evində Azərbaycan Silahlı Qüvvələri nümayəndələrinin 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Səfər Əbiyev faciənin səbəblərindən danışmışdır. O qeyd etmişdir ki, Mixail Qorbaçov ermənilərlə əlbir olaraq xalqımıza qarşı bu məkrli planı həyata keçirməkdən ötrü ilk növbədə Azərbaycanı SSRİ dövləti səviyyəsində qoruyan yeganə qüvvəni - Heydər Əliyevi neytrallaşdırmalı idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər öz xalqının mənafeyinə xəyanət edərək bu planı reallaşdırmaqda Mixail Qorbaçova candildən yardım etmişlər. Beləliklə siyasi və ideoloji təxribatları ilə kifayətlənməyən SSRİ rəhbərliyi hərbi qüvvələrdən istifadə etdi və 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə 35 min nəfərlik ordu korpusu yeritdi. Dinc və əliyalın əhaliyə qarşı keçirilən amansız əməliyyat nəticəsində bir gecədə 134 nəfər mülki şəxs həlak oldu, yüzlərlə adam yaralandı.
20 Yanvar faciəsi günlərində xalqımızın səsini demək olar ki, dünyada heç kim eşitmədi. O, tam informasiya blokadasında qaldı. Yalnız o zaman Moskvada təzyiqlər və tədbirlər şəraitində yaşayan Heydər Əliyev Azərbaycan nümayəndəliyinə getmiş, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirmiş, xalqımıza qarşı törədilmiş cinayəti dünya ictimaiyyətinə çatdırmışdır.
Sonra S.Əbiyev demişdir ki, Silahlı Qüvvələrin şəxsi heyəti 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini əziz tutur, onların qəhrəmanlığı qarşısında baş əyir. Bu oğul və qızların iradəsi, qətiyyəti, milli ruhu və parlaq qəhrəmanlıq nümunələri Silahlı Qüvvələrdə xidmət edən gənclərimizin vətənpərvərlik tərbiyəsində tarixi bir örnəkdir.
Mərasimdə Ali Baş Komandan, Prezident Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələri ilə görüşlərini əks etdirən videokadrlar nümayiş etdirilmiş, Bakı Bələdiyyə Teatrı aktyorlarının, Azərbaycan Silahlı Qüvvələri xalq çalğı alətləri ansamblı üzvlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya göstərilmişdir.
Mərasim iştirakçıları həmçinin Mərkəzi zabitlər evinin, Mədəniyyət Nazirliyinin və Rəssamlar İttifaqının birgə təşkil etdikləri “Qanlı Yanvar” mövzusunda sərgiyə də tamaşa etmişlər.