İQTİSADİYYAT
“Şimal-Cənub” dəhlizi ilə daşınan yüklərin həcmi artacaq
Tehran, 14 noyabr, AZƏRTAC
Cari ilin ötən 7 ayı ərzində İran ərazisindən 5,4 milyon ton yük daşınıb.
AZƏRTAC xəbər verir ki, İranın Yollar və Şəhərsalma Nazirliyinin nümayəndəsi Rza Nəfisi İran üzərindən daşınan yüklərin 1,6 milyon tonunu neft, 3,8 milyon tonunu isə qeyri-neft məhsulları təşkil edib. Onun sözlərinə görə yüklərin 36,1 faizi Bəndər-Abbas şəhərindəki Şəhid Rəcayi limanından daxil olub.
Cənub-Şərqi Asiya ölkələrindən İrana daxil olan yüklər Azərbaycandan tranzit keçməklə Rusiya və Avropa istiqamətinə yola salınıb. Bu isə onu deməyə əsas verir ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi artıq fəaliyyət göstərir.
Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti istismara verildikdən sonra isə Rusiya və Avropaya yüklər məhz bu yolla daşınacaq. Dəmir yolu hazır olduqdan sonra daşınan yüklərin həcmi daha da artacaq. Çünki hələlik yüklər gəmilərdən boşaldılaraq vaqonlara daha sonra isə yük maşınlarına yüklənərək daşınır ki, bu da vaxt itkisi ilə yanaşı keyfiyyəti də aşağı salır.
Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti hazır olduqdan sonra isə yüklər Şəhid Rəcayi limanında gəmilərdən birbaşa qatara yüklənəcək və heç bir yerdə təkrar yükləmə olmadan Avropaya qədər hərəkət edəcək. Bu fakt isə qeyd etdiyimiz kimi yüklərin həcminin artmasına səbəb olacaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran