Şimali Kipr Prezidenti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyib
Bakı, 20 sentyabr, AZƏRTAC
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar ölkəmizin konstitusiya quruluşunun bərpası və sırf hərbi ünsürlərin hədəf alınması məqsədilə Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirlərini dəstəklədiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Şimali Kiprin Prezident Administrasiyası məlumat yayıb.
Ersin Tatar İrəvanı 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanatın müddəalarına əməl etməyə çağıraraq deyib: “Ermənistan silahlı birləşmələrinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirməsi regional sülhə və sabitliyə ciddi təhlükə yaradır”.
Qeyd edilib ki, dost və qardaş ölkə Azərbaycanın üçtərəfli Bəyanatın müddəalarının təmin edilməsi, Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı birləşmələrinin tərk-silah edilməsi və Azərbaycan ərazisindən çıxarılması, ermənilərin hərbi infrastrukturunun zərərsizləşdirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərinə geri qayıdan mülki əhalinin təhlükəsizliyinin təmin olunması, Qarabağda Azərbaycan konstitusiya quruluşunun bərpası məqsədilə başlatdığı antiterror tədbirlərini dəstəkləyirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasında dediyi kimi, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
“Azərbaycan Prezidenti İlham Əliyevin timsalında Azərbaycandakı bütün qardaşlarımızın haqlı mübarizəsini dəstəkləyir və regionda sülhün, təhlükəsizliyin, firavanlığın, daimi sabitliyin bərqərar olunması üçün Ermənistanı 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatının müddəalarına əməl etməyə çağırıram”, - deyə E.Tatar diqqətə çatdırıb.