Sinxua: Bakı-Tbilisi-Qars Asiya və Avropanı Qafqaz regionu vasitəsilə əlaqələndirir
Pekin, 31 oktyabr, AZƏRTAC
Bakı-Tbilisi-Qars (BTQ) layihəsi Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu şəbəkəsini birləşdirməklə, Asiya və Avropanı Qafqaz regionu vasitəsilə əlaqələndirir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Çinin milli xəbər agentliyi Sinxuanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi barədə yaydığı “Azərbaycan, Türkiyə və Gürcüstan yeni inşa edilən Asiya-Avropa dəmir yolunu istifadəyə verir” adlı xəbərdə qeyd olunur.
Bildirilir ki, dəmir yolu xətti Asiya ilə Avropa arasında yük və sərnişin daşınmasında dəhliz açır.
Sinxua dövlətimizin başçısı İlham Əliyevin BTQ-nin açılış mərasimində dediyi “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir” fikrini qeyd edərək yazır ki, Azərbaycan Prezidenti bu yolun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyini bildirib.
Xəbərdə qeyd olunur ki, bu layihə Çin və Avropa arasında yeni İpək Yolu ticarət və nəqliyyat şəbəkəsinin vacib hissəsi olmaq üçün hazırlanıb.
Yazıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Bakıda keçirilmiş açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin, Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirak etdikləri bildirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin