Şirvan Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Bakı, 28 dekabr, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin kommunal kombinatı müəssisəsinin rəisi Vəliyev Aqil Rəhimdil oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Şəhər prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Aqil Vəliyevin və müəssisənin baş mühasibi Şərbətov Tural Kamil oğlunun qabaqcadan əlbir olaraq 2016-2019-cu illərdə müəssisəyə ümumilikdə 92 nəfəri işə qəbul olunmuş kimi rəsmiləşdirməklə, həmin şəxslərin adına olan plastik hesab kartlarına köçürülmüş ümumilikdə 186 min 773 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Aqil Vəliyevə və Tural Şərbətova müvafiq olaraq Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Cinayət nəticəsində dəymiş 186 min 773 manat məbləğində maddi ziyan istintaq zamanı dövlət büdcəsinə tam həcmdə ödənilib.