ŞİRVAN ŞƏHƏRİNDƏ BEYNƏLXALQ ƏTRAF MÜHİT GÜNÜ MÜNASİBƏTİLƏ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 4-də Şirvan şəhərində Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun Şirvan QHT-lərin Regional Resurs və Təlim Mərkəzində Beynəlxalq Ətraf Mühit günü münasibətilə “Ətraf mühitin davamlılığının təmin edilməsi” mövzusunda seminar keçirilmişdir.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ekoloji mühitin sağlamlaşdırılması, qlobal iqlim dəyişikliklərinin nəticələri, ekoloji maarifçiliyin gücləndirilməsi, ətraf mühitin qorunması məsələləri müzakirə olunmuşdur.
Seminarda BMT-nin İctimai İnformasiya Departamentinin respublikamızdakı nümayəndəsi Envera Selimoviç və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək tədbir iştirakçılarını Beynəlxalq Ətraf Mühit günü münasibətilə təbrik etmiş, ekoloji siyasətin əsas istiqamətləri haqda məlumat vermişlər.
Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul əməkdaşları Şövkət Bəkirovun, Gülmalı Süleymanovun və Müslim Qurbanovun, Dünya Bankının ölkə ofisinin ekologiya üzrə mütəxəssisi Gülanə Hacıyevanın, “Rüzqaz” ekoloji cəmiyyətinin sədri İslam Mustafayevin və Şirvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynovun müzakirəyə çıxarılan mövzu ilə bağlı məlumatları dinlənilmişdir.
Canlı diskussiya şəraitində keçirilən seminarda yerli ekoloji problemlərə də toxunulmuş, bir sıra faydalı təkliflər səsləndirilmişdir.