Siyasi Sənədlər Arxivində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 31 mart, AZƏRTAC
On ilə yaxındır ki, 31 mart tarixi respublikamızda azərbaycanlıların soyqırımı günü kimi anılır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində milli taleyimizin acı səhifəsi bu il də anılıb. Anım tədbirinə nadir arxiv sənədləri və qədim nəşrlər əsasında tərtib edilmiş stendlərin nümayişi ilə başlanılıb. Arxivin direktoru, tarix üzrə fəlsəfə doktoru Mais Bağırov anım tədbirini açaraq xüsusi vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ilin mart ayında söylədiyi: “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi cinayətdir” sözləri bütün azərbaycanlıların qan yaddaşına həkk olunub. Ulu öndər Heydər Əliyev azərbaycanlıların soyqırımı barədə xüsusi Fərman imzalayıb və bu faktın dünyada tanıdılması istiqamətində təbliğat-təşkilat işlərinin aparılmasında böyük işlərin əsaslarını yaradıb. Hazırda bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.
1918-ci il soyqırımının tükürpərdici səhnələri stendlərin leytmotivini təşkil edir. Həmin ilin iyul ayında yaranan fövqəladə istintaq komissiyasının sənədləri hazırda Siyasi Sənədlər Arxivində qorunur. Onların bir qismi əsasında hazırlanmış stendlər milli faciəmiz barədə tam təsəvvür yaradır. Buradakı sənədlər və fotolar Bakı, Şamaxı, Quba, Lənkəran və digər Azərbaycan qəzalarında törədilən erməni vəhşiliklərini sübuta yetirir, soyqırımı qurbanları haqqındakı acı həqiqətləri açıqlayır və hadisələrin şahidləri olmuş şəxslərin etiraflarını müasirlərimizə çatdırmaqda vətəndaşlıq borcunu və obyektivlik hissini ifadə edir. Arxivin direktoru əlavə edib ki, həmin sənədlərin ən vacibləri elmi dövriyyəyə qatılıb.
Bu sənədlər əsasında yazılmış dəyərli elmi əsərlərdən nümunələr də stendlərdə nümayiş olunur. Belə ki, tanınmış tarixçi alimlərdən Sabir Əsədovun “Böyük Ermənistan” mifi haqqında”, “Revanşizmin fəlsəfəsi və erməni qaniçənliyi”, Anar İsgəndərlinin “Azərbaycan həqiqətləri. 1917-1920”, Etibar Məmmədli və Elxan Yaqubovun “Qara xaç yürüşü. Genosid”, Solmaz Rüstəmova-Tohidinin “Bakı. Mart 1918. Azərbaycan qırğınları sənədlərdə”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan xalqının 1918-ci il mart soyqırımı” sənədlər toplusu xüsusi elmi-siyasi dəyərə malikdir və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Anım tədbirində iştirak edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə Siyasi Sənədlər Arxivində keçirilən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü tədbirinin milli-mənəvi əhəmiyyətindən danışıb, onun əməkdaşlarının sənədlər əsasında faydalı təbliğat işləri apardıqlarını vurğulayıb.
Anım tədbirinin sonunda sənədli filim nümayiş etdirilib.