Siyəzən polisi COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirləri fasiləsiz həyata keçirir
Bakı, 12 may, AZƏRTAC
COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədi ilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara 2 metr sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.
Şöbə əməkdaşları tərəfindən sərnişindaşıma sahəsindəki vəziyyətə də ciddi nəzarət olunur. Rayondaxili marşrutlarda sıxlığın yaranmaması və sərnişinlər arasında sosial məsafənin qorunması, həmçinin həm sürücülərin, həm də sərnişinlərin sağlamlığının qorunması məqsədilə tibbi maskalardan istifadənin təmin olunması məqsədilə profilaktiki tədbirlər həyata keçirilir, karantin rejiminin tələblərinə riayət olunub-olunmaması yoxlanılır.
Sakinlərə və sürücülərə tibbi maska paylayan polis əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə edirlər.