SOCAR Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində (BANM) Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimi SOCAR-ın mətbuat katibi Orxan Hüseynov açaraq, şirkətin Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
SOCAR prezidenti Rövşən Nəcəf ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin inkişaf strategiyasının dayandığını vurğulayıb.
Rövşən Nəcəf Ümummilli Liderin strateji inkişaf konsepsiyasının əsas istiqamətlərindən birinin də yeni enerji strategiyası olduğunu bildirib. SOCAR prezidenti xarici sərmayədarların Azərbaycanın neft-qaz yataqlarının işlənilməsinə cəlb olunmasının, xam neftin və qazın nəql yollarının şaxələndirilməsinin, gəlirlərin səmərəli idarə olunmasının Ulu Öndərin dayanıqlı enerji strategiyasının əsas istiqamətləri olaraq müəyyənləşdirildiyini diqqətə çatdırıb.
SOCAR prezidenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlərə imza atan ölkəmizin bu gün tarixinin ən parlaq dövrünü yaşadığını diqqətə çatdırıb.
Uzun illər ərzində Ümummilli Lider Heydər Əliyev ilə birgə çalışmış SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirdə çıxış edərək, Ulu Öndər ilə bağlı xatirələrini bölüşüb.
Müstəqilliyin ilk illərində ölkəmizin neft sənayesinin böhran vəziyyətində olduğunu söyləyən Xoşbəxt Yusifzadə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın yeni neft salnaməsinin əsasının qoyulduğunu diqqətə çatdırıb. SOCAR-ın birinci vitse-prezidenti bu müqavilənin Ulu Öndər Heydər Əliyevin yüksək şəxsi nüfuzu, qətiyyətli mövqeyi sayəsində imzalandığını bildirib. Ümummilli Liderin yeni neft strategiyası nəticəsində ölkəmizin neft-qaz sənayesi böyük inkişaf yolu keçib və Azərbaycanın regionun lider dövlətinə çevrilib.
Ulu Öndərin möhkəm təməllər üzərində qurduğu Azərbaycanın ötən illər ərzində böyük tərəqqi yolu keçdiyini söyləyən BANM-in rektoru Elmar Qasımov müstəqil Azərbaycanın dövlət quruculuğunun, iqtisadi dirçəlişinin, bütün sahələrdə davamlı inkişafının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Ümummilli Liderin hər zaman Azərbaycan gəncliyinə böyük ümidlər bəslədiyini qeyd edən rektor, dahi şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolunun və çoxşaxəli fəaliyyətinin hər bir gənc üçün əsl nümunə olduğunu bildirib.
Daha sonra BANM-in tələbəsi, “SOCAR Könüllüləri” qrupunun rəhbəri Murad Əliyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, ölkə başçısı tərəfindən gənclərə göstərilən yüksək diqqət və qayğıdan, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatından bəhs edib.
Sonra tələbələr tərəfindən musiqi və şeirlərdən ibarət bədii kompozisiyalar ifa olunub. Tədbir iştirakçılar tərəfindən “Azərbaycan” şeirinin ifası ilə başa çatıb.