İQTİSADİYYAT
SOCAR yeni mobil dalğıc kompleksinin sınaqlarına başlayır
Bakı, 3 dekabr, AZƏRTAC
Dekabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri şirkətin Zığ-2 meydançasında General Əliağa Şıxlinski kran gəmisində xüsusi rama üzərinə quraşdırılmış 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksinə baxış keçiriblər. SOCAR rəhbərliyinin təmsilçiləri burada həmçinin “Neft Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün tikilən estakadayanı meydançanın göyərtəsi ilə, eləcə də metal konstruksiyaların təmizlənməsi və boyanın vurulması sexində görülmüş işlərlə də tanış olublar.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Mobil Dərinlik Dalğıc Kompleksi “American Bureau of Shipping” (ABS) təsnifat cəmiyyətinin nəzarəti altında tikilib və əsasən “Günəşli” yatağında istismar ediləcək. “Unique Hydra” şirkəti tərəfindən inşa edilmiş 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksi 14 nəfər dalğıc akvanavt üçün hesablanıb. Kompleks vasitəsilə saturasiya üsulu ilə fasiləsiz şəkildə dalğıc enmələrini həyata keçirmək mümkün olacaq.
SOCAR rəhbərliyinə məlumat verilib ki, hazırda Kompleksin dəniz sınaqlarının aparılmasına hazırlıq prosesi yekunlaşmaq üzrədir. Kompleks yanğınsöndürmə sistemi, odsöndürən balonlar, tüstüyə qarşı tənəffüs aparatları və sair ilə təchiz olunub. Saturasiya idarəetmə, dalğıc idarəetmə konteynerlərində karbon qazlı odsöndürmə sistemləri quraşdırılıb. Dəniz sınaqları tamamlandıqdan sonra kompleks istismara veriləcək.
Qeyd edək ki, hazırda SOCAR-ın Dalğıc xidmətində 157 ixtisaslaşmış dalğıc fəaliyyət göstərir ki, onlardan 25 nəfəri saturasiya üsulu ilə dərinlik dalğıc işlərini yerinə yetirən dalğıc-akvanavtlardır. 2011-ci ildən etibarən SOCAR-ın təlim mərkəzində dalğıc hazırlığı kursu təşkil olunur. 2011-2021-ci illər ərzində bu kurslara ümumilikdə 88 dalğıc cəlb olunub və kursları müvəffəqiyyətlə bitirib.