SOSİAL MÜDAFİƏ İSTİQAMƏTİNDƏ İSLAHATLAR UĞURLA DAVAM ETDİRİLİR
Cari ilin 8 ayında gəlirlər üzrə ödəmələrin tam yerinə yetirildiyini söyləyən Səlim Müslümov bildirmişdir ki, bu müddət ərzində 1 trilyon 90 milyon manat əvəzinə, 1 trilyon 313 milyon manat ödənilmişdir ki, bu da planın 101,7 faizi deməkdir.
Hesabat dövründə fond tərəfindən 1 trilyon 262 milyard manat vəsait xərcləndiyini, ödənilən pensiyaların məbləğinin 767 milyard manat olduğunu və ölkə üzrə pensiya alanların sayının artaraq 1 milyon 250 min nəfərə çatdığını bildirən natiq demişdir ki, əməklə bağlı pensiya alanların içərisindən 755 min nəfər yaşa görə, 241,5 min nəfər əlilliyə görə, 78 min nəfər ailə başçısını itirdiyinə görə, 14 min nəfər xidmətə görə pensiya alanlardır. Fondun sədri vurğuladı ki, pensiyaların bankomatlar vasitəsilə verilməsi istiqamətində aparılan işlər uğurla davam etdirilir. Bakı və Sumqayıt şəhərləri üzrə 259 min 595 nəfər pensiyaçı pullarını kartlar vasitəsilə alır. İşi davam etdirmək üçün banklar arasında tender elan olunmuşdur. Növbəti layihənin həyata keçirilməsi nəticəsində 7 region üzrə 240 min nəfər pensiyaçıya bankomatlar vasitəsilə xidmət göstəriləcəkdir.