“Sosial xidmət haqqında” yeni qanun layihəsi hazırlanmışdır
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, iclasda “Sosial xidmət haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev layihə ilə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bu qanun ölkəmizdə həyata keçirilən sosial islahatların tərkib hissəsi kimi çətin həyat şəraitində yaşayan şəxslərin sosial müdafiəsinin fundamental prinsiplərini özündə ehtiva edən bir sahəyə həsr olunmuşdur. Qanun layihəsinin fəlsəfəsi ahıllara, əlillərə, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara, kimsəsizlərə, xroniki xəstəlikləri və əqli cəhətdən qüsurları olan, özünə qulluq etmək imkanı olmayan şəxslərə müxtəlif növ sosial xidmətlərin ehtiyaclarına uyğun olaraq təqdim edilməsindən ibarətdir.
Deputatlar, yerli və xarici ekspertlər layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Sonda layihə Milli Məclisin müzakirəsinə (birinci oxunuş) tövsiyə olunmuşdur.
İclasda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanun layihəsi də müzakirə olunmuşdur.
Layihə ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat vermişdir. Bildirilmişdir ki, Əmək Məcəlləsinə 10-1-ci maddə əlavə edilir. Bu maddədə göstərilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yuxarı yaş həddi 65-dir. Bununla belə, maddənin digər bəndində qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xidmətləri olmuş işçinin çalışma müddəti isə nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
Qanun layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.