Sosial Xidmətlər Agentliyində təcrübə proqramını uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub
Bakı, 5 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin “Təcrübə proqramı - 2025” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin bir qrup tələbəsinə sertifikatlar təqdim edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, üç ay müddətində həyata keçirilən təcrübə proqramında agentliklə memorandum imzalamış Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Biznes Universiteti və digər ali təhsil müəssisələrinin sosial iş, psixologiya və digər ixtisasları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Proqram çərçivəsində təcrübəçilər Sosial Xidmətlər Agentliyinin müxtəlif struktur bölmələrində istehsalat və elmi-tədqiqat təcrübəsi keçib, peşəkar mentorlardan dəstək alıblar, sosial xidmət sahəsində real iş mühiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Təcrübə proqramı tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsinə, peşəkar inkişafına və gələcək əmək fəaliyyətinə hazırlığına mühüm töhfə vermək məqsədilə təşkil edilib.
Yekunda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.