ŞOTLANDİYANIN STİVENSON KOLLECİNİN NÜMAYƏNDƏLƏRİ MİNGƏÇEVİRDƏ OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, Şotlandiyanın Edinburq şəhərində fəaliyyət göstərən Stivenson Kollecinin dillər və turizm fakültəsinin dekanı, professor Rocer Brekonun rəhbərlik etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecində olmuşdur.
Qonaqlar təhsil ocağının strukturu, burada tədris prosesi, proqram və dərsliklər, maddi-texniki baza, tədrisin interaktiv metodları və müəllimlərin təcrübəsi ilə tanış olmuşlar.
Şotlandiyanın təhsil işçiləri ilə kollecin müəllim və tələbələrinin görüşü olmuşdur. Tədbirdə kolleclər arasında qarşılıqlı əməkdaşlığın istiqamətləri barədə ətraflı məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, “British Counsil” təşkilatının həyata keçirdiyi “Cənub-Şərqi Avropa ölkələrinin orta ixtisas məktəbləri arasında birgə əməkdaşlıq” layihəsi çərçivəsində bu kolleclər arasında tələbə-müəllim mübadiləsinin təşkili, tədris planları, proqramların təkmilləşdirilməsi, turizm və xarici dil ixtisasları üzrə mütəxəssis hazırlığında əlbir fəaliyyət, gələcəkdə kollec məzunlarına ikili diplomların verilməsi, dərsliklərin, əyani tədris vasitələrinin təkmilləşdirilməsi, müəllimlər üçün seminarların keçirilməsi və digər istiqamətlər üzrə əməkdaşlıq layihəsi hazırlanaraq təsdiqlənmişdir.
Layihənin iki il ərzində həyata keçirilməsi üçün “British Counsil” təşkilatı ümumilikdə 30 min funt sterlinq məbləğində vəsait ayırmışdır.
Xatırladaq ki, Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bu ilin martında Stivenson Kollecində səfərdə olmuşdur. Bu təhsil ocağı 1970-ci ildən fəaliyyət göstərir və 13 min tələbəsi vardır.
Mingəçevir Turizm Kolleci ötən ildən Türkiyə, Avstriya, Rusiya və Ukraynanın turizm sahəsi üzrə tanınmış təhsil ocaqları ilə də təcrübə mübadiləsi aparır.