Soydaşlarımızın qardaş Türkiyəyə yardımı davam edir
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan xalqı qardaş Türkiyənin dərdinə, ağrı-acısına şərik çıxdığı kimi, ona qardaş yardımını, dəstəyini də əsirgəmir. Qardaş ölkədə zəlzələdən zərər çəkənlərə yardım aksiyasına dünyanın müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da qoşulublar.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə yaşamış və çalışmış soydaşımız Gülmirzə Cavadov dostları və yaxınları ilə birlikdə qardaş türk xalqına kömək üçün təxminən 2 milyon türk lirəsi dəyərində humanitar yardım toplayaraq faciə bölgəsinə çatdırıb.
Qida və ərzaq məhsulları, 10 ədəd dizel generatoru, yastıq, yorğan, təmizlik və antiseptik vasitələr, plastik qablar, gigiyenik bezlər, 68 ton içməli su, isti geyim, süngər yataqlar, konteyner evlər, su çənləri, 1400 nəfərlik quru yemək dəsti və digər zəruri ləvazimatlardan ibarət olan humanitar yardım Qaziantep, Kahramanmaraş və Hatay vilayətlərində əhaliyə çatdırılıb. Bundan əlavə, 21 ədəd generator, əl fənərləri, yataq dəstləri fevralın 18-də AFAD vasitəsilə Qazıantepdə əhaliyə təqdim olunub. Zəlzələnin təsirinə məruz qalmış bölgələrə yardımların çatdırılması davam etdiriləcək.
Sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığına töhfə verməyi özünə müqəddəs borc hesab etdiyini bildirən soydaşımız yardımların çatdırılması zamanı jurnalistlərə müsahibəsində deyib: “Biz millətimizi, iki dövlətimizi sevən vətəndaşlar olaraq həm dövlətimizin başçısı İlham Əliyevin çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Biz səninləyik, əziz Türkiyə!”.
Qeyd edək ki, fevralın 6-da baş verən, çoxsaylı insan tələfatı və dağıntılarla müşayiət olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə qardaş Türkiyəyə könüllü humanitar dəstək tədbirlərinin göstərilməsinə başlanılıb. Bu nəcib çağırışa yüz minlərlə vətəndaş, xaricdə yaşayan soydaşlarımız, müxtəlif dövlət və özəl müəssisələr, o cümlədən vətəndaş cəmiyyəti institutları qoşulublar.