SPECA-TASİM-CAREC İşçi Qrupunun ilk toplantısı keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nazir müavini Elmir Vəlizadənin sədrliyi ilə Nazirlər Kabinetinin tapşırığına əsasən yaradılmış SPECA-TASİM-CAREC İşçi Qrupunun ilk toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, İqtisadiyyat və Sənaye, Maliyyə, Xarici İşlər, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələrindən ibarət İşçi Qrupun iclasında Elmir Vəlizadə “Trans Avrasiya Super İnformasiya Magistralı”nın (TASİM) region üçün vacibliyindən danışaraq, layihənin 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs olduğunu vurğulayıb.
Nazir müavini layihənin beynəlxalq aləmdə böyük maraq doğurduğunu, BMT Baş Assambleyasının sessiyalarında bu quruma üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə TASİM layihəsi ilə əlaqədar müvafiq qətnamələrin qəbul edildiyini nəzərə çatdırıb.
Beynəlxalq miqyasda böyük dəstək qazanmış layihə üzrə gələcək fəaliyyət planına da aydınlıq gətirən E.Vəlizadə bu istiqamətdə SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsi) ilə əməkdaşlığın genişləndirilməsini vacib sayıb.
TASİM layihəsi katibliyinin rəhbəri Zaur Həsənov geniş təqdimatla çıxış edib, layihənin icra vəziyyəti ilə bağlı İşçi Qrupun üzvlərini məlumatlandırıb. Qeyd edilib ki, Asiya ilə Avropa arasında informasiya tranziti üçün xidmət edəcək TASİM regionda rəqəmli fərqliliyin aradan qaldırılmasında yeni imkanlar açacaq, bununla da region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək.
Təqdimatdan sonra görüş layihə ətrafında müzakirələrlə davam etdirilib, iştirakçılar SPECA-TASİM-CAREC təşəbbüsü ilə bağlı baxışlarını paylaşıblar.
Toplantıda, həmçinin İşçi Qrupun (İQ) rəsmiləri müəyyənləşdirilib, o cümlədən İşçi Qrupa sədrlik rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadəyə həvalə olunub.
Görüşün sonunda SPECA-TASİM-CAREC təşəbbüsünə dair Fəaliyyət Planının hazırlanması qərara alınıb.