ŞRÖDER YENİDƏN ALMANİYANIN FEDERAL KANSLERİDİR
Almaniyada bundestaq və federal kansler seçkiləri başa çatmışdır. Çoxpartiyalılıq sistemində majoritar əsasda keçirilən seçkilərdə 80 milyon Almaniya əhalisinin səsvermə hüquqlu 62,5 milyon vətəndaşı iştirak etmişdir.
Bundestaqa seçkilərin son və qəti nəticələri aşağıdakı kimi olmuşdur (faiz hesabı ilə): Sosial-Demokrat Partiyası (SDP) - 38,5, Xristian Demokratlar Birliyi (CDU/CSU) -38,5, Azad Demokratlar Partiyası (FDP) - 7,4, Demokrat Sosialistlər Partiyası (PDS0) - 4,0, “Yaşıllar” - 8,6, digərləri - 3,0.
Göründüyü kimi, əvvəlki federal kansler Qerhard Şröderlə kanslerliyə namizəd, Bavariyanın baş naziri Edmund Ştoyberin arasında kanslerlik uğrunda mübarizədə bundestaqın yeni üzvlərinin qüvvələr nisbətində tam tarazlıq yaranmışdır. Hər iki nüfuzlu partiya parlamentdə müvafiq olaraq 295, digər koalisyon partiyalardan “Yaşıllar” 11, Azad Demokratlar Partiyası 9, Demokrat Sosialistlər Partiyası isə 2 mandat əldə etmişlər.
Federal kansler seçilmək üçün isə bundestaqda ən azı 302 deputat mandatı qazanmaq lazım idi. Qerhard Şröderin köməyinə SDP ilə çoxdan ideya birliyi yaratmış “Yaşıllar” gəlmişlər. Onların lideri, keçmiş vitse-kansler, xarici işlər naziri Yoşka Fişer “Yaşıllar”ın 9 mandatını sosial-demokratların 295 mandatına əlavə etmişdir. Beləliklə, 306 mandata malik “Qırmızılar-Yaşıllar” koalisiyası” yaranmış və cüzi səs çoxluğu ilə Şröder ikinci dəfə dörd il müddətinə federal kansler vəzifəsinə seçilmişdir.
Bu qələbədən sonra mətbuat konfransı keçirən Qerhard Şröder “Yaşıllar”ın da təmsil olunduğu keçmiş hökumət kabinetində dəyişiklik etməyəcəyini və əvvəlki komanda ilə işləyəcəyini bəyan etmiş, vitse-kansler, xarici işlər naziri Yoşka Fişer və federal müdafiə naziri Peter Ştrukla təcili görüşərək yeni hökumətin qarşıdakı dörd il müddətinə fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir.
Yusif Xəlilov,
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin