Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı
Bakı, 9 may, AZƏRTAC
İkinci Dünya müharibəsinin başa çatmasından 73 il keçir. Lakin bu müharibədə igidlik göstərmiş insanların bəziləri unudulub və layiq olduğu qiyməti hələ də almayıb.
AZƏRTAC politoloq Rövşən Novruzoğlunun Stalinqrad döyüşünün unudulmuş qəhrəmanlarından biri olan Cümşüd Sadıqov haqqında qeydlərini təqdim edir.
İnsanları biri-birindən ayıran, yurd yerlərini viran qoyan müharibə bizim üçün hələ bitməyib. Bizə və torpaqlarımıza uzanan əllər hələ kəsilməyib. Bu müharibələrdə həyatımızı mənalandıran dostlarımızı da itirdik. Amma bu dolaşıq, qanlı hadisələr fonunda unutqan olmadıq. İtirilmiş, yaddan çıxmış və zaman keçdikcə unuda biləcəyimiz qəhrəmanların sorağına çıxdıq. Məlum oldu ki, on bir nəfərin igidlik və qəhrəmanlığına görə verilmiş orden və medallar... Sovet İttifaqı Qəhrəmanı kimi şərəfli bir adın sənədləri hələ də arxivlərdə itib-batır. On bir nəfər Sovet İttifaqı Qəhrəmanı... Bilmirəm buna sədd çəkənlər kimlərdir. Amma dəxli yoxdur, onlar bizim qəhrəmanlardır.
Onlardan birinin - Şuşada doğulmuş, Ağdamda boya-başa çatmış Həmzə Cümşüd oğlu Sadıqovun sorağına düşdük. Məlum oldu ki, bu qəhrəman övladımız sovet kəşfiyyatının igid zabitlərindən biri olub. Bütün məxfi əməliyyatlarını “Sadıqaşvili” adı ilə yerinə yetirib. İngilis hərbi kəşfiyyatçılarından biri onun haqqında belə yazırdı: “Azərbaycanlı Həmzə “Sadıqaşvili” Sadıqov SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində əsl məktəb yaratmışdı”.
Yəhudi ailələrini, eləcə də fərdi qaydada yəhudi uşaqlarını məhv edən, Adolf Hitlerin bir nömrəli generalı sayılan (24 generaldan biri) İohann Fon Rodenburqu əsir götürməsi Həmzə Sadıqovun ən böyük qəhrəmanlığı oldu. Stalinqradın mühasirəsi məhz 1943-cü ilin yanvarında baş vermiş bu hadisədən sonra yarıldı. Məsələ bununla bitmədi. Alman generalını əsir götürərkən Stalinqrad cəbhəsində hərbi kəşfiyyat dəstəsinə başçılıq edən zabit Həmzə Sadıqov faşistlərin əsir saxladıqları 35 yəhudi uşağını da xilas etdi. Azərbaycanlı zabitin adı və qəhrəmanlığı o vaxt dünyanın 40-dan çox şəhərində qeyd olundu.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev deyir: “Həmzə Cümşüd oğlu Sadıqov həyatını bizim övladlarımız yolunda qurban verdi. Onun adı indi İsrail mətbuatında tez-tez çəkilir. Allah ona rəhmət eləsin”.
İsraildə çıxan “Jerusalem Post” qəzetində müharibənin yaralarını xatırladan, layiq görüldüyü Sovet İttifaqı Qəhrəmanı adı rəsmən açıqlanmamış Həmzə Cümşüd oğlu Sadıqov haqqında ötən aylarda silsilə materiallar dərc edilib.
Uzun axtarışlardan sonra mən onun övladı, tanınmış hüquqşünas Firdovsi Həmzə oğlu Sadıqovla birgə böyük tədqiqat əsəri ortaya qoyduq. ARB telekanalı onunla bağlı film çəkdi. Stalinqradda Həmzə Sadıqov muzeyi yaradıldı. Xeyli yeni fotoşəkil, məxfi material üzə çıxarıldı, arxiv qovluqlarına baş vuruldu. Bir daha məlum oldu ki, hərbi kəşfiyyat zabiti Həmzə Cümşüd oğlu “Sadıqaşvili” - Sadıqov Sovet İttifaqı Qəhrəmanı kimi tanınıb, lakin bu ad nədənsə rəsmiləşdirilməyib. Bu yerdə Ulu Öndər Heydər Əliyevin tarixlə bağlı fikirlərini yada salmaq yerinə düşər: “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır”
Rövşən Novruzoğlu
politoloq