Startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair KOICA ilə razılıq əldə olunub
Bakı, 8 avqust, AZƏRTAC
Startaplar üçün mübadilə proqramlarının həyata keçirilməsinə dair Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə razılıq əldə olunub.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru xanım Park Kumok nazirliyin Yüksək Texnologiyalar Parkında (YTP) olub.
Görüşdə Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında ətraflı məlumat verərək gələcək planlardan danışıb. T.Kərimli ölkəmizdə yaradılan əlverişli investisiya mühitindən bəhs edərək bildirib ki, Azərbaycanda biznes fəaliyyətinə başlamaq istəyən Koreya investor və şirkətləri Yüksək Texnologiyalar Parkının rezidentləri ola bilər. O, parkın rezidentləri üçün sərfəli güzəştlər və münbit şəraitin yaradıldığını qeyd edib.
Park Kumok isə öz növbəsində bildirib ki, YTP ilə strateji əməkdaşlıq imkanları mövcuddur. O, KOICA-nın Yüksək Texnologiyalar Parkının qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə dəstəkləməyə hazır olduğunu vurğulayıb.
Eyni zamanda, görüşdə KOICA təlim və proqramları haqqında ətraflı məlumat verilib. Gələcəkdə KOICA və YTP arasında əməkdaşlığa dair memorandumun imzalanması məsələsi müzakirə edilib.
Bundan başqa, birgə layihələrin reallaşdırılmasına, startaplar üçün KOICA ilə mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.