İQTİSADİYYAT
“Startup School”da xarici ekspertlərin treninqləri davam edir
![](/files/galleryphoto/2023/1/1200x630/1681291376499224626_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16812913765457049898_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16812913761679548976_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1681291376863536860_1200x630.jpg)
Bakı, 12 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”da xarici ekspertlərin dərsləri davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İsrailin “Connect” təhsil müəssisəsinin təsisçisi və meneceri, Tech7-də Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Koren Maorinin treninqi “Sahibkarlıq nədir? Sahibkar kimdir? Sahibkarlıq anadangəlmə hədiyyədir, yoxsa onu tərbiyə etmək olar? Startapa necə başlamaq lazımdır?” mövzularında olub. K.Maorin startapların yaradılmasında öncə kreativlik və problemlərin doğru analizinin əhəmiyyətindən danışıb, onlara çərçivədən kənar düşünməyi məşq etmələri haqqında tövsiyə verib.
Qeyd edək ki, ekspertlərin seçdiyi 33 layihə aprel ayı boyunca “Startup School”da treninqlərə qoşulacaq. Treninqlərin sonunda seçilən 9 layihə (komanda) SABAH.Labın İnkubasiya Mərkəzində 2 həftə ərzində mentorluq proqramına qatılacaq. Xüsusi ekspertlər layihələr arasından ilk 3 yerin qalibini müəyyənləşdirəcək.
Xatırladaq ki, www.enterpriseazerbaijan.gov.az portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. Portal Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılıb.