STATİSTİK TƏHLİLLƏR SOSİAL-İQTİSADİ HƏYATIN DİNAMİK İNKİŞAFINDAN XƏBƏR VERİR
Mədəniyyət sarayının foyesində rayonun sosial-iqtisadi həyatını, inkişaf dinamikasını əks etdirən sərgi təşkil olunmuşdur.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyevin hesabat məruzəsi dinlənilmiş, müzakirələr aparılmışdır.
Məruzə və çıxışlarda səslənən fikirlər, statistik təhlillər göstərmişdir ki, regionların sosial-iqtisadi İnkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin, ölkəmizin Prezidenti İlham Əliyevin bölgələrə səfərləri zamanı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi sahəsində 2005-ci ildə rayonda xeyli iş görülmüşdür. Dağlıq Şirvan iqtisadi zonasına daxil olan Ağsu rayonunda təsərrüfatın aparıcı sahəsi olan taxılçılıqda daha böyük uğurlar qazanılmışdır. Hesabat ilində əkin sahələri 1285 hektar artmış, hər hektardan 28,8 sentner olmaqla, rayon tarixində rekord miqdarda - 73,8 min ton taxıl əldə edilmişdir.
2004-cü illə müqayisədə məhsul istehsalı 876 ton çox olmuşdur. Dövlət Proqramına uyğun olaraq, üzümçülüyün inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində 329 hektarda yeni plantasiyalar salınmışdır.
Heyvandarlıq sahəsində də dinamik artıma nail olunmuşdur. Keçən il qaramalın sayı 195 baş artaraq, 38688 başa, davarın sayı 2974 baş çoxalaraq, 140720 başa çatmışdır.
Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, yaradılan əlverişli şərait öz bəhrəsini verməkdədir. Təkcə ötən il rayonda 2 özəl taxıl toxumçuluğu təsərrüfatı, fiziki şəxs statusunda 29 kəndli fermer təsərrüfatı yaradılmışdır.
Keçən il bölgədə ənənəvi sənaye sahələrinin, kənd təsərrüfatı məhsulları istehsal edən yeyinti və yüngül sənayenin inkişafında da diqqətəlayiq nəticələr qazanılmışdır. “Batabat” MMC-nin Ağsu filialının, “Mehman” MMC-nin, “Ağsu şərab-3” ASC-nin emal müəssisələrinin, 19 yeni xidmət obyektinin açılması, rayonda sosial-iqtisadi tərəqqiyə, əhalinin məşğulluğuna, həyat səviyyəsinin yüksəldilməsinə, abadlıq və quruculuq işlərinə böyük töhfə vermişdir. İl ərzində adambaşına əmtəə dövriyyəsi 2004-cü illə müqayisədə 25,7 faiz artaraq, 1,8 milyon manat təşkil etmişdir. Ötən il 2109 yeni iş yeri açılmışdır.
Müşavirədə iqtisadi, habelə sosial-mədəni həyatın bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində görülmüş işlər geniş təhlil edilmiş, müvəffəqiyyətlərlə yanaşı, nöqsanlardan da danışılmışdır. Xüsusilə əhalinin elektrik enerjisi və təbii qazla təminatındakı çatışmazlıqlardan və onların aradan qaldırılması yollarından hərtərəfli bəhs edilmişdir.
Məruzəçi və çıxış edənlər, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrlə əlaqədar, cari ildə görüləcək işlərdən, bu sahədə mövcud ehtiyatlardan maksimum səmərəli istifadənin zəruriliyindən də danışmışlar.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi Rövşən Ağayev və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov çıxış etmişlər.
Müşavirədə rayon ictimaiyyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.