Stokholmda “Azərbaycan günü” keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Mayın 10-da Stokholmda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar və Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycan günü” tədbiri keçirilmişdir.
Azərbaycanın İsveçdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbir iki hissədən ibarət olmuşdur.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı Litva Dövlət Simfonik orkestrinin, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəylinin (piano) və Azər Zeynalovun (vokal), Azad Əliyevin (dirijor), Əməkdar artistləri Gülnaz İsmayılovanın və Səbinə Əsədovanın (vokal) iştirakı ilə simfonik musiqisinin konserti olmuşdur.
Konsertdə ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısı, Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun əsərləri ifa edilmişdir.
28 May - Respublika Günü və Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə isə ziyafət təşkil olunmuşdur.
“Azərbaycan Günü” Kral XVI Gustav və İsveç hökuməti tərəfindən rəsmi bayramların və ziyafətlərin keçirilməsi üçün nəzərdə tutulmuş
Stokholm şəhərinin Meriyasının əsas Göy zalında (Stadshuset) keçirilmişdir. Hər il Nobel mükafatı laureatlarının şərəfinə verilən ziyafətlər məhz bu zalda keçirilir. Eyni zamanda, qeyd olunan bina Skandinaviya dövlətlərində ən iri və nadir qala sayılır.
Tədbirdə İsveç Krallığının yüksək səviyyəli dövlət məmurları, parlamentin üzvləri, ziyalılar, iş adamları, tarixçilər, şərqşünaslar, yerli ictimaiyyət, bu ölkədəki diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəal üzvləri, azərbaycanlı tələbələr, KİV təmsilçiləri iştirak etmişlər. Bundan əlavə, tədbirə Finlandiyada və Norveçdə fəaliyyət göstərən diasporun nümayəndələri də qatılmışlar.
Zalda ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş və tədbirin əsas mövzusunu əks etdirən plakatlar yerləşdirilmişdir.
Səfir Rafael İbrahimov çıxış edərək vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir. Dövlətimizin müstəqilliyinin əsas rəmzi məhz ulu öndər Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən Azərbaycan Respublikasını parçalanmaqdan, vətəndaş müharibəsindən və iqtisadi böhrandan xilas etdi.
Diplomat, həmçinin ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan ətraflı məlumat vermiş, Böyük Britaniyanın tanınmış dövlət xadimi və siyasətçinin “Hər bir insana müstəqil dövlətin yaradılması və onun banisi olmaq qismət olmur. Hər bir insana bu mühüm işin öhdəsindən gəlmək nəsib olmur. Lakin Heydər Əliyev bu öhdəliyi boynuna götürüb və layiqincə həyata keçirtmişdir” sözlərini səsləndirmişdir.
Bundan əlavə, səfir vurğulamışdır ki, ümummilli lider tərəfindən başlanılmış işlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir, dövlətimizin başçısının səyləri nəticəsində respublikamız uğurla inkişaf edir.
Tədbirdə 700-dən çox qonaq iştirak etmişdir.
Ziyafətdə qonaqlara Avropa və Şərq mətbəxlərinin nümunələri təqdim olunmuşdur.
Stokholmda fəaliyyət göstərən İHA şirkətinin vasitəsilə tədbirin videoreportajı AzTV, ATV, LİDER və İctimai televiziya kanallarına göndərilmişdir.
Səfirlik tədbirin həyata keçirilməsində, xüsusi ilə Litva Simfonik Orkestrinin Stokholm şəhərinə gəlməsində Azərbaycanda fəaliyyət göstərən “Music Gallery” şirkətinin maddi və təşkilati dəstəyinə görə təşəkkürünü bildirmişdir.
######
