Stokholmda Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Stokholm, 24 fevral, Rauf Əliyev AZƏRTAC
İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirində İsveç ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk diasporlarının üzvləri, ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları habelə, KİV təmsilçiləri iştirak ediblər.
İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova mərasim iştirakçılarına Azərbaycan tarixinin acı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib. Törədilən qətliamın misli görünməmiş qəddarlıq və tarixdən silinməz bir soyqırımı olduğunu bildirən diaspor fəalı tədbirin keçirilməsində məqsədin Xocalı haqqında həqiqətlərin geniş Avropa ictimaiyyətinə çatdırmaq olduğunu qeyd edib.
Yazıçı Eluca Atalı baş verən qanlı hadisələrə nəzər salıb, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində dinc həmvətənlərimizin amansızlıqla qətlə yetirildiyini bildirib. O deyib ki, bu cür dəhşətli cinayətləri törədənlər bu gün də azadlıqdadır. Xocalıda törədilən soyqırımının “böyük Ermənistan” yaratmaq arzusu ilə yaşayan ermənilərin Azərbaycana qarşı məkrli siyasətinin yalnız bir hissəsi olduğunu bildirən yazıçı 1992-ci ildən Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırıb, işğal nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrildiyini bildirib.
İsveçli müğənni Keyt Kristina Roxenhall Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüb. Törədilən faciənin acısını bölüşdüyü qeyd edən müğənni insanların belə qəddarlıqla qətlə yetirilməsinin yolverilməz olduğunu bildirib.
Sonra Keyt Kristina Roxenhall məşhur “Sarı gəlin” mahnısını canlı ifa edib.
Sonda Bakı Media Mərkəzi tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış sənədli film nümayiş olunub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm