STOLÜSTÜ TENNİS FEDERASİYASININ HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Azərbaycan Stolüstü Tennis
Federasiyasının hesabat-seçki konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan federasiya rəhbəri İsmət Abasov bildirmişdir ki, 90-cı illərdə ölkədə bədən tərbiyəsi və idman hərəkatında baş verən durğunluq stolüstü tennis idman növünün də tənəzzülə uğramasına səbəb olmuşdu. Lakin 1993-cü ildə ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafında da yüksəliş dövrü başlamışdır. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra isə respublikada idmanın sürətli inkişafı, onun maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük tədbirlər planı hazırlanıb həyata keçirilmişdir.
Federasiyanın prezidenti 2005-2008-ci illəri əhatə edən hesabat dövrü ərzində respublikada stolüstü tennis idman növünün inkişafı, perspektivi və yüksək səviyyəli idmançıların hazırlanması sahəsində görülmüş işlər barədə məlumat vermişdir. O qeyd etmişdir ki, keçən müddət ərzində federasiya öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün konkret və əməli tədbirlər planlaşdırıb həyata keçirmişdir. Stolüstü tennis ilə məşğul olan idman təşkilatları, məktəbləri yenidən qeydə alınmış, respublikada daxili yarışların keçirilməsi bərpa olunmuş, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda iştirakı təmin edilmişdir. 2005-2008-ci illər ərzində ölkənin milli yığma komandasının üzvləri 38 beynəlxalq yarışda, o cümlədən Avropa və dünya çempionatlarında iştirak etmişlər.
Hesabat dövründə stolüstü tennis idman növünün inkişafı sahəsində bir sıra nöqsanlar və çatışmazlığın da mövcudluğu qeyd olunmuşdur.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ötən illər ərzində federasiya rəhbərliyi tərəfindən görülən işləri müsbət qiymətləndirmiş, bu idman növünün bölgələrdə də inkişaf etdirilməsi istiqamətində konkret tədbirlərin görüləcəyinə əminliyini ifadə etmişdir.
Konfransda Avropa çempionatında uğurla çıxış etmiş bir sıra idmançılara federasiya tərəfindən kubok və pul mükafatları təqdim olunmuşdur.
Sonra konfransın gündəliyinə uyğun olaraq Stolüstü Tennis Federasiyasının növbəti müddətə rəhbər orqanlarının seçilməsi məsələsinə baxılmışdır. İsmət Abasov konfrans iştirakçılarının yekdil qərarı ilə yenidən Stolüstü Tennis Federasiyasının prezidenti seçilmişdir.