STRASBURQDA AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ GUAM-LA BAĞLI TƏDBİR KEÇİRMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 24-də Strasburqda Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəliyi ölkəmizin Demokratiya və İqtisadi İnkişaf Uğrunda təşkilatda (GUAM) sədrliyinin başa çatması münasibətilə tədbir keçirmişdir. Tədbirdə GUAM-a üzv dövlətlərin AŞ yanındakı daimi nümayəndəliklərinin, habelə bu təşkilata mütəmadi dəstək verən Avropa ölkələrinin, xüsusilə Litva, Latviya, Estoniya və Türkiyənin daimi nümayəndəliklərinin rəhbərləri, əməkdaşları, AŞ Parlament Assambleyasındakı nümayəndə heyətləri, tələbələrimiz, jurnalistlər iştirak etmişlər.
Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Arif Məmmədov respublikamızın GUAM-a rəhbərliyi dövründə keçilmiş yolu təhlil etmiş, bu müddətdə bir çox vacib tədbirlərin keçirildiyini, o cümlədən GUAM-ın baş katibinin və milli əlaqələndiricilərinin Avropa Şurası Nazirlər Komitəsinin yığıncağına dəvət edildiyini, onlarla fikir mübadiləsi aparıldığını bildirmişdir.
Eyni zamanda, A.Məmmədov GUAM-ın getdikcə güclənən nüfuzuna toxunaraq quruma üzv ölkələrin artıq Avropa təşkilatlarında, xüsusilə Avropa Şurasında eyni mövqedən çıxış etməsinə nail olunduğunu vurğulamışdır. Səfir bildirmişdir ki, digər beynəlxalq qurumlarda da GUAM-ın nüfuzu yüksəlmişdir. Diplomat buna misal olaraq BMT-nin Baş Assambleyasında dondurulmuş münaqişələrlə əlaqədar birgə mövqe nümayişini xatırlatmışdır.
A.Məmmədov sədrliyin Gürcütana keçdiyini bildirmiş və bu sahədə dost ölkəyə müvəffəqiyyətlər arzulamışdır. O, GUAM ölkələri gənclərinin forumunun təşkilinin, qurumun ilk yığıncağının məhz Strasburqda keçirilməsinin, GUAM üzvlərinin mədəniyyət sahəsində əlaqələrinin möhkəmləndirilməsinin, onlarda azad ticarət zonaları yaradılmasının, viza rejiminin aradan qaldırılmasının vacibliyini vurğulamış, təşkilata dəstək verən ölkələrə və nümayəndə heyətlərinə minnətdarlığını bildirmişdir.
Sonda nümayəndəlik tərəfindən ziyafət verilmişdir.