Strateji Araşdırmalar Mərkəzində gənclərin elmdə iştirakı məsələsi müzakirə olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Gənclərin elmdə iştirakı” mövzusunda müzakirələr keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, SAM və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə gənc alimlər, aspirantlar və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri iştirak etmişlər.
Azərbaycan Gənclərinin VI Forumu ərəfəsində təşkil olunmuş bu tədbirin məqsədi gənclərin nəzəri biliklərini artırmaq, diskussiya bacarıqlarını və mədəniyyətini inkişaf etdirməkdir.
Debatlar “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanmasında gənclərin real iştirakının artırılması məqsədinə xidmət edir. Müzakirə olunan məsələlər Dövlət Proqramının layihəsində əks edilmiş əsas istiqamətlərlə uzlaşır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev layihənin hazırlanması işinin yekunlaşmaq üzrə olduğunu bildirmişdir. Nazir müavini qeyd etmişdir ki, proqramın layihəsinin müzakirəyə çıxarılmasının məqsədi ondan ibarətdir ki, gənclər öz təklifləri ilə bu layihəni formalaşdırsınlar.
AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri, gənc alimlərdən Rüfət Əzizov və başqaları Dövlət Proqramının əhəmiyyətindən danışaraq bildirmişlər ki, bu sənədin gənc alimlərin inkişaf etməsi, sosial problemlərinin həllində xüsusi rolu vardır. Bu debatların keçirilməsi isə onların elmi potensialının inkişafında müsbət rol oynayacaqdır.
Xatırladaq ki, ilk müzakirələr “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?”, “Tələbə gənclər: gözləntilər, innovativ potensial və cəmiyyətə qaytarılacaq dəyərlər” mövzularında keçirilmişdir.