Su hövzələrində bioloji resursların artırılması sahəsində işlər uğurla davam etdirilmişdir
Bakı, 16 fevral (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su hövzələrində bioloji resursların artırılması və mühafizəsi departamenti Xəzər dənizində, çaylarda və daxili su hövzələrində məskunlaşmış vətəgə əhəmiyyətli balıq növlərinin ehtiyatının bərpa olunması, bioresurslardan istifadənin tənzimlənməsi istiqamətində ardıcıl fəaliyyətini 2011-ci ildə də uğurla davam etdirmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il departamentin nəzdindəki müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılıb təbii su hövzələrinə buraxılmışdır.
İl ərzində departamentin əməkdaşları tərəfindən 73 qanun pozuntusu aşkarlanmış, 19 akt və 54 protokol tərtib edilmiş, 54 nəfər məsuliyyətə cəlb olunmuşdur. Qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürülmüş, 3 iş rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilmiş, 29 işə inzibati qaydada departament tərəfindən baxılmışdır. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38419 manat məbləğində iddia tətbiq edilmişdir.
2011-ci ildə departament tərəfindən “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verilmişdir. Bu müddətdə sənaye ovu üçün kilkə, siyənək və axçalı balıq növlərinin ovlanmasına müvafiq kvotalar ayrılmış, nərə balıqartırma zavodlarının törədici balıqlarla təmin edilməsi və elmi-tədqiqat məqsədləri üçün nərəcinsli balıq növlərinin ovlanmasına icazə verilmişdir.
Beş Xəzəryanı ölkə (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran) tərəfindən yaradılan Xəzərin Su Bioresursları Komissiyasının sədrliyi 2011-2012-ci illərdə Azərbaycan Respublikasına keçmiş və 2011-ci il dekabrın 14-dən 16-dək komissiyanın 32-ci iclası Bakı şəhərində keçirilmişdir.
Komissiya Xəzərin su bioresurslarının vəziyyətinin (sayının, növünün, yayılmasının) elmi-tədqiqat ekspedisiyaları vasitəsilə öyrənilməsini təmin edir və dəniz üzrə ümumi ov kvotasını, habelə beş Xəzəryanı ölkə arasında milli ov kvotalarına bölünməsini müəyyənləşdirir, CİTES Konvensiyası katibliyinə təsdiq üçün təqdim olunan nərəkimi balıqların ət və kürüsünün ixrac kvotalarının miqdarını müəyyənləşdirir.