SÜD EMALI ZAVODU SALYANIN YENİ İSTEHSAL MÜƏSSİSƏSİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 10-da Salyan süd emalı zavodunun istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə zavoda gəldilər. Burada dövlətimizin başçısını və xanımını gül-çiçək dəstələri ilə qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə zavodun yenidən qurulması layihəsi və iş sxemi ilə yaxından tanış oldu. Məlumat verildi ki, tikintisinə keçən il başlanılan bu istehsal müəssisəsi 2007-ci ildə ilk dünya səviyyəli məhsulunu buraxacaqdır. Əsaslı təmir edilərək tamamilə yenidən qurulmuş və 10 çeşiddə süd məhsulları istehsal edəcək bu müəssisənin gündəlik emal gücü 30 tondur. Hazırda burada 50 nəfər çalışır. Salyanda ümumiyyətlə gündə 90 tondan çox süd istehsal olunur və bunu nəzərə alaraq, bu sahə üzrə yeni müəssisənin yaradılmasına ehtiyac duyulur. Yeni istifadəyə verilmiş zavod 1000 ailənin işlə təmin olunmasına imkan yaradacaqdır.
Xüsusi vurğulandı ki, “Aqrokredit” səhmdar təşkilatının krediti və Dünya Bankının müəyyən maliyyə köməyi hesabına yaradılmış, müasir avadanlıq qurulmuş zavodun məhsulları xarici bazarlara da çıxarılacaqdır.
Prezident İlham Əliyev emal müəssisəsinin laboratoriyası, məhsulun qəbulu, çeşidlənməsi və kompyuterlə keyfiyyətinin yoxlanılması və digər proseslərlə yaxından tanış oldu. Bu cür emal müəssisələrinin yaradılmasının əhəmiyyətindən danışan dövlətimizin başçısı bir daha xatırlatdı ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun həyata keçirilən işlər ölkəmizdə işsizliyin aradan qaldırılmasına xüsusi kömək göstərir. Ona görə bu cür müəssisələrin yaradılmasına və sahibkarlığın inkişafına bundan sonra da dəstək veriləcəkdir.