Sultan Qasımov: İlham Əliyev öz Vətəninin əsl vətənpərvər övladıdır
Moskva, 10 dekabr, AZƏRTAC
Biz həqiqətən çox çətin günlər yaşamışıq. Mən bunu dəfələrlə demişəm və bir daha vurğulaya bilərəm: uzun illər boyu Dağlıq Qarabağda baş verən hadisələr həqiqətən qəbuledilməz idi. Biz uzun illər boyu güzəştə gedirdik, əslində öz ölkəmizin, öz torpaqlarımızın bir hissəsinin əlimizdən alınmasına göz yummağa məcbur idik. Biz dinc yolla razılığa gəlməyə çalışırdıq, lakin bizi eşitmək istəmirdilər. Bu çoxillik problemi həll edə bilməyimiz bizim Prezident İlham Heydər oğlu Əliyevin çox böyük xidmətidir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulu Sultan Qasımov bu sözləri “Komsomolskaya pravda” qəzetinə müsahibəsində söyləyib.
Baş konsul sözünə davam edərək deyib: “Prezident İlham Əliyev müdrik siyasi xadim və öz Vətəninin əsl vətənpərvər övladıdır. Bilirsinizmi, məni həmişə ən çox heyrətləndirən və sözün yaxşı mənasında təəccübləndirən bu olub ki, İlham Heydər oğlu xidməti vəzifəsinə görə bir sıra xarici ölkələrin liderləri ilə ünsiyyətdə olur. O, bir neçə dili mükəmməl bilir. Bununla bərabər, öz doğma Azərbaycan dilinə xüsusi hörmət və ehtiram bəsləyir. O, nitqində heç bir alınma söz işlətmir. Bu məqamı ona görə vurğulayıram ki, əgər insan öz ana dilinə bu cür hörmət bəsləyirsə, deməli o, iliyinə qədər həqiqi vətənpərvərdir. Biz bunu həmişə başa düşürük və Prezidentimizə inanırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva