REGİONLAR
“Sumqayıt” futbol klubunun əsas komandası qanvermə aksiyasında iştirak edib
Sumqayıt, 17 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində, həmçinin 20 sentyabr - Neftçilər gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada “Sumqayıt” futbol klubunun əsas komandasının məşqçi heyəti və futbolçular iştirak ediblər.
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının mütəxəssisləri tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyan aksiya zamanı tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə ediləcək.