Sumqayıt kimyaçıları hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlar üçün qan veriblər
Sumqayıt, 4 mart, Ətrabə Rzayeva, AZƏRTAC
SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası reallaşıb.
Qanvermə SOCAR-ın təşəbbüsü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibbi briqada tərəfindən aparılıb. Xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilən bu xeyirxah təşəbbüs zamanı müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra yüzlərlə kimyaçıdan qan götürülüb.
“Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində “Azərikimya” İB-də qanvermə aksiyası 2010-cu ildən bəri davamlı olaraq hər il, 2020-ci ildən isə ildə iki dəfə təşkil olunur.